Mikayıl Cabbarov: "Tanınmış xarici universitetlərin Azərbaycanda filialları yaradılır"

"Azərbaycan hökumətinin əsas məqsədi ölkənin ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdır. Bu istiqamətdə son illər xeyli iş görülüb".

 

APA TV-nin xəbərinə görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb: "Hazırda proqramın məzunları istər dövlət, istərsə də özəl sektorda çalışaraq ölkənin iqtisadi inkişafına öz töhfələrini verirlər. Eyni zamanda yeni universitet və akademiyalar yaradılıb, ixtisas proqramları Avropa standartlarına uyğunlaşdırılır. Tanınmış xarici universitetlərin Azərbaycanda filiallarının təşkil olunması prosesi gedir və bu istiqamətdə növbəti addımlar atılacaq".

 

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir. Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. 

 

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunub.

Müəllif | Apa.Tv