Bakıda Koreya Kino Festivalı başlayıb

Bakıda Koreya Kino Festivalı başlayıb. APA TV-nin xəbərinə görə, Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən festival boyu 9 film nümayiş olunacaq. Bununla bağlı keçirilən tədbirdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan-Koreya əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ruhəngiz Heydərova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib. Hazırda Koreya və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sıx əlaqələr mövcuddur.

 

Ruhəngiz Heydərovanın sözlərinə görə, SEBA-nın fəaliyyət göstərdiyi 10 il ərzində mədəniyyət, elm, səhiyyə və başqa sahələrdə böyük layihələr həyata keçirilib. Azərbaycanın xaricdə təbliğ və tərənnüm olunması istiqamətində Asossiyasiyanın fəaliyyətindən danışan SEBA prezidenti deyib ki, həyata keçirilən tədbirlərə  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi olub. Festival oktyabrın 1-də SEBA və Koreya Fondu arasında imzalanan  mədəni əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Memorandumun tərkib hissəsidir.

 

Koreya xarici işlər nazirinin birinci müavini Cho Taeyong isə Koreya-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətindən, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən danışıb. O qeyd edib ki, gələcəkdə iki ölkə arasında mədəniyyət sahəsində yeni layihələr planlaşdırıla bilər. Tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də çıxış edərək, festivalın təşkil olunmasının əhəmiyyətindən danışıblar.

 

Mərasimində həmçinin SEBA Assosiasiyasının Bakıda ilk dəfə 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə təşkilatçısı olduğu “Koreya Kinosu Günləri” barədə film nümayiş olunub.

 

Açılış mərasimindən sonra Lee Yongun rejissoru olduğu və ilk dəfə Azərbaycan dilinə dublyaj edilən “Memarlıq 101” filmi nümayiş olunub.

 

Qeyd edək ki, SEBA 2004-cü il 29 noyabrda rəsmi olaraq fəaliyyətə başlayıb. Assosiyasiyanın əsas məqsədi Azərbaycan və Koreya arasında genişmiqyaslı mədəniyyət mübadiləsi prosesini həyata keçirməkdir. Bu illər ərzində bir sıra mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşmasına imza atıb. Adıçəkilən layihələr Azərbaycan Koreya mədəniyyətinin, eyni zamanda Koreyada Azərbaycan mədəniyyətinin təbliğ edilməsi məqsədi ilə baş tutub. SEBA Assosiasiyası, həmçinin Koreya tərəfinin müxtəlif ölkələrdə təşkil etdiyi layihələrdə iştirak edir.

 

Müəllif | Apa.Tv