Bakıda 100-dən artıq mənzili qarət edən dəstə yaxalanıb

Xətai rayon Polis İdarəsinin əməkdaşları paytaxtda silsilə oğurluqlar törədən şəxsləri yaxalayıblar. Saxlanan 3 nəfərdən 1-i Gürcüstan vətəndaşı, 2 nəfər isə Bakı sakinidir. APA TV-nin xəbərinə görə, Gürcüstan vətəndaşı, 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri - 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov əməllərini etiraf ediblər.

 

İlkin məlumata görə, onlar əsasən açarsalma üsulundan istifadə edərək  təkcə Xətai və Binəqədi rayonları ərazisində 100-dən çox mənzili qarət ediblər:

 

Paata Mkurnalidze bunları deyib: "Bir az maddi sıxıntım vardı. Bakıya gəldim, sonra başladım oğurluğa. Pulları xərcləyirdim Qızılları Gürçüstana aparıb əridirdim. Ordan isə Rusiyaya göndərirdim".  

 

Quram Zeynalov da onun dediklərini təsdiqləyib: "Paata mənə işi  göstərirdi. Qızıl-pul dəqiq yadımda deyil. Sonra Saşa da bizə qoşuldu. O, 1-2 epizodda iştrak edib. Getdk Gürcustana qızılları əritdik".

 

Mənzillərin qapısını döyüb, evin boş olduğunu öyrənmək funksiyası Saşa ləqəbli Aleksandr Xusainovun üzərinə düşüb. Onun sözlərinə görə, may- oktyabr aylarında Bakının Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən açarsalma  üsulundan istifadə edərək, xeyli mənzili talayıblar

 

Təxmini hesablamalara görə, dəstə üzvləri oğurluqlar yolu ilə vətəndaşlara ümumilikdə 200 min manatdan çox ziyan vurublar. Faktlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.

 

Müəllif | Apa.Tv