İsmayıllıda güclü yanğın: böyük bir ailə evsiz qaldı

İsmayıllı rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Enişdibi kəndindəki balıqsaxlama gölünün kənarındakı evdə baş verib. "Balıqçılar evi" adlanan ərazidə məskunlaşan Şuşa sakini olan məcburi köçkün 58 yaşlı Zahir Əhmədovun və onun  ailəli 3 oğlunun yaşadığı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 180 kvadratmetr olan 4 otaqlı mənzil içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı ev sahibi Zahir Əhmədov birinci dərəcəli yanıq xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ev sahibinin və onun 3 oğlunun ailəsinə məxsus mebel və digər məişət əşyaları da yanıb. Evin mətbəxdəki qaz balonunun partlaması nəticəsində yandığı ehtimal olunur. Məlumata görə, ev dağlıq ərazidə, kənddən aralı məsafədə yerləşən gölün kənarında yerləşdiyi üçün kənd sakinləri və ev sahibi yanğın hadisəsindən gec xəbər tutub. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov