Metyu Brayza: “Helikopterlərin münaqişə zonasında uçması provokasiyadır”
“Mən Dağlıq Qarabağa tez-tez səfərlər etmişəm. Orada 40 min əhali, yaxud 40 minlik hərbi qüvvə görməmişəm. Xankəndində əhali var, işğal olunmuş vilayət və regionlarda isə əhali yaşamır. Yalnız Laçında bir neçə nəfər görmüşəm”.
Bu sözləri APA-ya ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
Ermənistan hərbi helikopterinin Azərbaycan əsgərləri tərəfindən vurulması hadisəsinə münasibət bildirən M. Brayza hesab edir ki, helikopterlərin həmin ərazidə uçuşu düzgün deyil: “Bu, provokasiyadır. Mən bilmirəm, bu hadisədən əvvəl orada nələr baş verib. Ermənistan tərəfində və Azərbaycan tərəfində nə baş verdiyini dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, gərginlik yaşanan zonada uçmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan əsgərləri helikopteri vurmayaydı, amma bu ərazi müharibə zonasıdır. Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil”.
M. Brayza helikopterin məhv edilməsindən sonra Ermənistanın atəşkəsi daha tez-tez pozmasının gözlənilən olduğunu vurğulayıb .
O, Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyini xatırladaraq bunun sadəcə, bir addım olduğunu söyləyib.