Mübariz Qurbanlı: "İslami dəyərlərin xurafata çevrilməsinin qarşısını almalıyıq"

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri : ənənə və müasirlik” mövzusunda konfrans keçirilib. APA TV-nin xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın iqtisadi-sosial sahədə dəyişikliklərin mənəvi-psixoloji mühitə də təsir göstərdiyini deyib: "İslami dəyərlər sərhədi keçib xurafata yuvarlanırsa, bunun qarşısını almalıyıq. Qadınlarımızın hicabla bağlı məsələlərdə hansısa ölkənin qadınlarını təqlid etməsindən təəssüflənirik.. Çünki bizim qadınlarımızın geyiminin, hicabının özünəməxsusluğu var".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bəzən mediada nümunəvi olmayan ailələr barədə məlumatlar işıqlandırılır, şoular təşkil edilir.
Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, bu problemlərin çoxu kənardan gəlir, Azərbaycan xalqının istəklərindən doğan problemlər deyil: “Xaricdə baş verən proseslərin Azərbaycanda təkrarlanmasında müəyyən məqsəd güdən, kənardan ailə institutuna təsir etmək istəyənlər var. Biz bu təsirlərə qarşı vahid güc kimi çıxmağı bacarmalıyıq və çıxırıq".

 

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, ailə müasir dövrün tələblərinə cavab verirsə, dövlət də müasir tələblərə cavab verir: “Ailənin də dini, iqtisadiyyatı, siyasəti var. Bu məsələlər doğru həll olunanda, ailə möhkəm olanda dövlət də möhkəm olur. Ayrı-ayrı məsələləri qabartmaq məsələsi var”
 

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2015-ci il üçün Fəaliyyət Planı imzalanıb.

 

Müəllif | Apa.Tv