Dövlət Sosial Müdafiə Fondu İsmayıllıda “Açıq qapı günü” keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti “Açıq qapı günü” - vətəndaş forumunu noyabrın 28-də İsmayıllı rayonunda keçirib. APA TV-nin yerli bürosunun xəbərinə görə “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirilən regional tədbirdə İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ağsu, Kürdəmir və Qəbələ rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Forumda bildirilib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb.
Fondun şöbə müdiri Famil Qədimov bildirib ki, əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.
Tədbirdə məlumat verilib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır.
Şöbə müdirinin müavini Rüfət Oruclı isə diqqətə çatdırıb ki, DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Bundan əlavə, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çagrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb.
Diskussiya şəraitində davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.