Azərbaycan-Gürcüstan sərhədin mühafizəsinə dair layihə keçirilir

Azərbaycan hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə qərar verib. APA TV-nin məlumatına görə, layihənin və  Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev sərhədlərin mühafizəsinin Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib.

Layihəyə əsasən, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək, quru sərhəd mühafizə və nəzarət proseduraları təkmilləşdiriləcək. Layihədə iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramlarının hazırlanması, müasir infrastruktur yaradılaraq yüksək texnologiyalı avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə bildirib ki, sərhəd siyasəti dövlət siyasətinin tərkib hissəsidir: "2010-2012-ci illərdə “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sisteminə Dəstək” layihəsi icra olunub, iki ölkə inteqrə edilmiş sərhəd idarəçiliyi Konsepsiyasının tətbiqi üzrə fəaliyyətə başlayıb. Bu gün bunun davamı olaraq “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin icrasına başlayırıq. İnanıram ki, bu layihənin həyata keçirilməsi regionun təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Gürcüstan Sərhəd Polisinin rəis müavini Giorgi Turiaşvili layihənin ölkələrimiz arasında sərhəddə texniki təchizatın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəldiyini söyləyib: "2014-cü ildə Gürcüstan və Azərbaycan sərhədində Avropa standartlarına uyğun 2 sektor tikilib. Bu işlər həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığı artıracaq, sərhədlərin müdafiəsini gücləndirəcək. Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq dünyada təhlükəsizliyə töhfə olacaq”.

 

Layihə Azərbaycanda Zaqatala və Qaxda, Gürcüstanda isə iki sərhəd sektorunda icra ediləcək. Ümumilikdə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və digər donorlar tərəfindən layihəyə 5 milyon 360 min avro ayrılacaq və bu vəsait iki ölkə arasında yarıya bölünəcək.

Müəllif | Apa.Tv