Bakıda körpüdə növbəti dəfə intihara cəhd: 45 yaşlı kişi intihar cəhdinin səbəbini açıqladı
Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüdə növbəti dəfə intihara cəhd olub. APA TV-nin məlumata görə, körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib. Tovuz sakini, 1969-cu il təvəllüdlü Nizami Musayev körpüyə çıxaraq özünü yerə atacağını deyib. Yaxınlarının hadisə yerinə gəlməsi ilə məlum olub ki, Nizami Musayev bir neçə gün əvvəl işlədiyi özəl şirkətlərin birində işdən çıxarılıb. Sonuncu dəfə o evdə olarkən ailə üzvlərinə deyib ki, artıq həyatından bezib və özünü öldürmək qərarına gəlib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və psixoloqlar uzun sürən danışıqlardan sonra onu bu addımından çəkindirməyə nail olublar. Nizami Musayev təxminən 2 saata yaxın davam edən əməliyyatın sonunda körpüdən düşməyə razılıq verib. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib. Səhhəti pisləşən Nizami Musayevə əraziyə çağırılmış təcili yardım tərəfindən ilkin yardım göstərilib. Daha sonra o, ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.