Heydər Əsədov Lənkəranda vətəndaşları qəbul edib
Kənd təsərrüfatı naziri Heydər Əsədov Lənkəran şəhərində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul edib. APA TV-nin Cənub bürosunun məlumatına görə, nazirliyin müvafiq struktur rəhbərlərinin iştirak etdiyi qəbul zamanı 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən yeni texnikaların və toxum növlərinin bölgəyə gətirilməsi ilə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşları diqqətlə dinləyərək müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli məqsədilə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırmaq məqsədilə qeydiyyata alınıb və nəzarətə götürülüb.