Nigeriyada məsciddə terror aktı törədilib: 120 ölü, 270 yaralı
Nigeriyada məsciddə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 120-yə çatıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Kano şəhərində baş verən partlayışda daha 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Partlayışlar dindarların cümə namazı üçün məsciddə toplaşdığı zaman baş verib. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin Nigeriya rəsmiləri partlayışın “Əl-Qaidə”yə bağlı "Boko Haram" terror təşkilatı tərəfindən törədildiyini düşünür. Çünki bir müddət öncə Kano əmiri II Muhammad Sanusi "Boko Haram"a qarşı silahlı mübarizəyə çağırış edib.
Xatırladaq ki, noyabrın 27-də Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş vermiş partlayış zamanı 40 nəfər, bir gün əvvəl isə bazarda törədilən terror aktı nəticəsində daha 45 nəfər həyatını itirmişdi.