Avropa Çempionatında 10 medal!

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə keçirilən 3-cü Avropa çempionatı (AÇ) başa çatıb və idmançılarımız 10 medalla Vətənə dönüblər. APA TV-nin məlumatına görə, idmançılarımızı Heydər Əliyev adına hava limanında Taekvando Federasiyasının rəhbərliyi və ailə üzvləri qarşılayıblar. Yarışa 12 idmançı ilə qatılan Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
 

Qeyd edək ki, komandamızın heyətində Nicat Müslümov (75 kq, K42), Aleksandr Poleşuk (+75 kq), Aynur Məmmədova (58 kq, K44) Avropa çempionu tituluna yiyələniblər. Yalnız finalda məğlub olan Rövşən Qəhrəmanlı (61 kq, K44) və Rövşən Rzayev (75 kq, açıq kateqoriya) ikinci yerlə kifayətləniblər. Digər parataekvondoçularımızdan Namiq Abbasov (61 kq, K43), Bahar Şıxəliyeva (49 kq, K44), Devran Məsənov, Anar Hüseynov (hər ikisi 61 kq, K42) və Şamil Kərimov (61 kq, açıq kateqoriya) yarışı bürünc medalla başa vurublar.
 

15 ölkədən idmançıların qatıldığı qitə çempionatında 10 medal qazanan yığmamız kişilər arasında Rusiyadan sonra 2-ci yeri, qadınlar arasında Rusiya və Türkiyədən sonra 3-cü yeri tutub. 

Müəllif | Apa.Tv