Cəlilabadda "Mercedes" iki azyaşlını vurub
Cəlilabadda sürücü diqqətsizliyi iki azyaşlının xəsarət alması ilə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri, 12 yaşlı Ruhəngiz Allahverənova və onun kiçik qardaşı, 10 yaşlı İsmayıl Allahverənov anaları ilə yolun kənarı ilə gedərkən onların həmkəndliləri, 52 yaşlı Vidadi İsmayılovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək, hər iki azyaşlını vurub. Sürücü yaralıları dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada onlara müvafiq tibbi yardım göstərilib. 10 yaşlı İsmayılın vəziyyəti ağırlaşdığından reanimasiya şöbəsinə yerləşdirilib. İlkin versiya kimi hadisənin avtomobilin sürət həddinin yüksək olması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.