Azərbaycanın Sərhəd Məcəlləsi hazırlanıb
"Azərbaycan Sərhəd Məcəlləsinin layihəsi artıq hazırdır, yaxın vaxtlarda Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən hökumətə və Milli Məclisə təqdim olunacağı gözlənilir". APA TV-nin məlumatına görə, bunu Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin rəhbər Məzahir Əfəndiyev bildirib. Onun sözlərinə görə, 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın Təhlükəsizlik Konsepsiyasını təsdiq edib. Həmin Konsepsiya çərçivəsində sərhəd qanunvericiliyində yeni yanaşmalar, yeni çağırışlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Qanunvericiliyə əlavə və dəyişikliklər də daxil olmaqla, sərhəd qanunvericiliyi bir sənəddə - Sərhəd Məcəlləsində əksini tapmalıdır.
Məzahir Əfəndiyev onu da bildirib ki, Sərhəd Məcəlləsində mövcud qanunvericilikdə inteqrə edilmiş sərhəd idarəçiliyi də əksini tapacaq.
“Bu günə qədər vətəndaşlar narazılıq edirdilər ki, sərhəddən keçdiyi zaman yoxlama ilə bağlı çoxlu vaxt itirir. İnteqrə edilmiş sərhəd idarəçiliyi sərhəddə vahid idarəetmə mexanizmi yaratmaq, gediş-gəlişi asanlaşdırmaq, idxal və ixraca töhfə verməkdir. Bir sözlə, vaxt itkisi olmaması üçün müasir texnologiyadan istifadə etməklə yeni idarəçilik təklif olunur. Nəticədə vətəndaşlar sərhəddən keçmək üçün daha az müddət sərf edəcəklər.
Yeni yanaşmalar, yeni texnologiyalar tətbiq edildikdən sonra narazılıqların aradan qaldırılacağını və şəffaflığın artacağını deyən Məzahir Əfəndiyev hesab edir ki, bu addım ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək.