Abşeron sakininin 56 göyərçinini oğurlayan dəstə üzvləri tutulub

Abşeronda göyərçin oğurlayan dəstə üzvləri həbs olunub. APA TV-nin məlumatına görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 309 ünvanında yaşayan Yunis Vəliyev rayon polis şöbəsinə gələrək evin həyətyanı sahəsində olan hinin qapısının sındırılaraq 56 ədəd göyərçinin oğurlanması barədə məlumat verib. Oğrular zərərçəkmişə ümumilikdə 5600 manat ziyan vurublar. Araşdırmalar zamanı məlum olub ki, oğurluğu 4 nəfərdən ibarət dəstə həyata keçirib. Əməliyyat tədbirləri ilə şübhəli şəxslərdən ikisi - Zəngilan sakini 29 yaşlı Elməddin Şəhrux oğlu Əzimov və Xətai rayon sakini 33 yaşlı Elnur Vəli oğlu Qoşqarov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Rafiq və Azər adlı tanışları ilə birgə kafedə oturub yeyib-içdikdən sonra oğurluq etmək qərarına gəliblər. Bunun üçün isə Masazır qəsəbəsinə gediblər. 

Saxlanılan şəxslər quşların 41 dənəsini geri qaytarıblar, qalan göyərçinlərin bir neçəsi uçub, digərləri isə məhv olub. Çəkiliş qrupumuzla söhbət zamanı onlar quşları sataraq pullarını bölmək fikirləri olduğunu bildiriblər. Faktla bağlı Abşeron rayon polis şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis cinayətdə iştirak edən digər şəxslərin axtarışını davam etdirir.
 

Müəllif | Apa.Tv
Apa.tv