Lənkəran sakininin dilini kəsdilər
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 39 yaşlı Eyvaz Bəylər oğlu Paşayev şəxsi münaqişə zəminində bıçaqlanıb. Yaralanmış Eyvaz Paşayevi ağır vəziyyətdə özünün “Hyundai” markalı, 10 OV 434 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda aşkarlayan yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Sol kürək və sol yanağın kəsilmiş-deşilmiş yarası, dilinin kəsilməsi, həmçinin ağır qanaxma diaqnozu ilə xəstəxanaya qəbul olunan Eyvaz Paşayevin vəziyyəti orta-ağır qiymətləndirilir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən faktla bağlı hələlik heç kəsin saxlanılmadığı, bu istiqamətdə araşdırmaların və əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.