Qarabağ müharibəsi əlillərinin məlumat bazası yaradılıb
"Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Qarabağ müharibəsində əlillik dərəcəsi almış vətəndaşlarla bağlı məlumat bazası yaradılıb. Orada hazırda 11432 nəfər Qarabağ müharibəsi əlilinin bu günə qədər dövlət tərəfindən hansı sosial təminatlarla əhatə olunmasına dair məlumatlar var". Bunu APA TV-yə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ölkədə əlilliyi olan insanların sayı 530 min nəfərdir.
"Hazırda əlilliyin olan ümumi insanların sayı 530 min nəfərdir. Bunların 65 min 800 nəfəri 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlardır".
Çingiz Əliyev hazırda Azərbaycanda 55 min nəfərin Qarabağ müharibəsi veteranı kimi, hər hansı yerdə çalışmayıb, dövlətdən sosial müavinət aldığını bildirib. Onun sözlərinə görə, dövlət başçısının sərəncamına əsasən, 5731 ailənin 2018-ci ilə qədər mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulur. Onlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində binalarda, rayonlarda isə fərdi evlər tikilməklə mənzillə təmin olunacaqlar. Əlilliyi olan uşaqların sosial problemlərinə diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, növbəti illərdə müavinətlər artırılacaq.
"Sağlamlıq imkanları məhdud olan uşaqlara verilən müavinətlərin məbləği 67 manat təşkil edir. Düşünürük ki, növbəti illərdə də uşaqlara dövlət tərəfindən ayrılan bu müavinətlərin həcmi artırılacaq"
Nazirlik rəsmisi cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə müvafiq tədbirlərin davam edəcəyini də vurğulayıb.