Cəlilabadda baş verən yol qəzasında iki nəfər yaralanıb
Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Abışabad kəndi ərazisində qeydə alınıb. Rayonun Türkelli kənd sakini Ruslan Xudiyevin idarə etdiyi "BMW" markalı minik avtomobili rayonun Edişə kənd sakini, 31 yaşlı Aqil Ağayevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobilinə çırpılıb. Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı sürücülər xəsarətsiz ötüşsə də, "VAZ 2107"nin sərnişinləri, 57 yaşlı Elyas Ağayev və onun 17 yaşlı oğlu Aqşin Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki yaralı üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aqşin Ağazadənin vəziyyəti ağırlaşdığından o, paytaxt xəstəxanalarından birinə yola salınıb. Zərərçəkmiş Elyas Ağayev hadisə barədə məlumat verib:
"Yolla gəlirdik, qarşıdan gələn maşının işığı yox idi. Oğluma dedim ki, gözlə, bu maşının işığı yoxdur. Elə onu demişdim ki, o avtomobil yolumuza çıxdı. Bir də ayıldım ki, məni qapıdan çıxarırlar".
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.