Türkiyədə müalicə olunan yaralı əsgərlərimizdən daha biri Vətənə qayıdıb
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən daha biri - Ədalət Məmmədov Bakıya qayıdıb.
APA TV-nin məlumatına görə, yaralı hərbiçini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar. Ədalət Məmmədov özünü yaxşı hiss etdiyini deyib: “Hazırda özümü yaxşı hiss edirəm, sağalmışam. Prezident İlham Əliyevə və ölkəmə təşəkkür edirəm”.
Yaralı hərbiçinin Bakıda müayinə edildikdən sonra Naxçıvana ailəsinin yanına qayıdıb-qayıtmayacağına gəlincə əsgərin qardaşı Vilayət Məmmədov bildirib ki, bu nazirliyin verəcəyi qərardan sonra məlum olacaq: "Mən özümün və ailəmin adından millətimə, cənəb prezidentimizə minnətdarıq. Qardaşımın arxasında durdular. Onu bizə və vətənə qaytardılar. Hər iki dövlətə təşəkkür edirik".
Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.
Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. Əsgərlərimizdən Elvin Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.