Salyanda ağır qəza: 1 ölü, 3 yaralı

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza dünən axşam saatlarında Ələt-Astara magistral yolunun 50-ci kilometrliyində qeydə alınıb. Cəlilabad rayon sakini, 46 yaşlı İman Ağayev idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Toyota" markalı maşınla toqquşub. Zərbə güclü olduğundan avtomobillər bir-birindən təxminən 50 metr aralıya düşüb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə zamanı "Toyota"nın sürücüsü, Abşeron rayon sakini, 55 yaşlı Ağasahib Cananov xəsarət almasa da, "VAZ-21015"in sürücüsü İman Ağayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - sürücünün həmyerlisi, 36 yaşlı Natiq Əliyev, Biləsuvar sakinləri, 45 yaşlı Bayram Hacızadə və onun 41 yaşlı həyat yoldaşı Dilarə Saqıyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım briqadası tərəfindən Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Natiq Əliyev xəstəxanada ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralılar isə reanimasiya şöbəsində yerləşdirilib.

 

Yaralı Bayram Hacızadə hadisəni belə xatırlayır: "Yuxulamışdım. Bilmədim necə oldu. Bir də ayıldım ki, qapını sındırıb, məni maşından çıxarırlar"

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin  istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı