Abşeronda piyadanı vuraraq, hadisə yerini tərk edən sürücü saxlanılıb

Abşeron rayonunda piyadanı vuraraq, hadisə yerini tərk edən sürücü saxlanılıb. APA TV-nin məlumatına görə, hadisə noyabrın 28-də Masazır qəsəbəsində baş verib. Gecə saatlarında piyada Abdullayev Aydın Maarif oğlu naməlum avtomobillə vurulub. Piyada xəsarət alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Naməlum sürücü isə hadisə yerini tək edib.

 

Müstəntiq Ayaz Kazımovun verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni Quliyev Nəsir İslam oğlu törədib. Həmin sürücü saxlanılaraq, istintaqa cəlb edilib.

 

Beyləqan rayonunda anadan olan və hazırda Masazır qəsəbəsində yaşayan 30 yaşlı Nəsir Quliyev deyir ki, gecə dostu ilə işdən qayıdırmış. O, "Honda" markalı avtomobillə Masazır qəsəbəsində yanacaqdoldurma məntəqəsinə girib və hadisə də ordan çıxanda baş verib: "Çıxdım yola. Hava çiskinli idi. Eşidtim ki, səs gəldi. Elə bildim maşın xəndəyə düşüb. Bir qədər getdikdən sonra arxadan gələn taksinin sürücüsü dedi ki, piyadaya toxunmusan. Qarşıdan geriyə döndüm, amma hadisə yerinə çatanda heç kim yox idi, piyadanı aparmışdılar".

 

Nəsir Quliyev bildirib ki, o, hadisə yerini tərk etməyib. Daha doğrusu, əvvəlcə piyadanı vurduğunu bilməyib, biləndə isə Abşeron Rayon Polis İdarəsinə gedərək, yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv