Kürd silahlılar bir neçə kəndi İŞİD-dən təmizləyib
İraqda kürd silahlılar Mosulun Mahmur qəsəbəsi və Güvər bölgəsində 7 kəndi nəzarətə götürüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kürd silahlıları Ərbilin təxminən 45 kilometrliyindəki kəndləri İŞİD-dən geri almaq üçün ağır silahlarla hücuma keçib. Hücuma koalisiya qüvvələrinin qırıcıları da dəstək verib. Hücum nəticəsində İŞİD 7 kənddən çıxmağa məcbur olub. İlkin məlumata görə, kəndlər uğrunda döyüş zamanı 18 İŞİD üzvü və 4 kürd silahlı ölüb.
Kürd silahlılarının komandirlərindən biri bildirib ki, bəzi kəndlərdə döyüşlər davam edir.
Suriyada isə İŞİD daha bir əcnəbini girov götürüb. Bu dəfəki girov qadındır. Əslən yəhudi olan Kanada vətəndaşı, 31 yaşlı Gill Rozenberq terrorçular tərəfindən qaçırılıb. "Reuters"in məlumatına görə, Kanada hökuməti Suriyada bu ölkənin vətəndaşının qaçırılması barədə məlumatları araşdırır. Kanada XİN-in mətbuat katibi bildirib ki, informasiya bütün kanallarla dəqiqləşdirilir. Suriyanın informasiya mənbələri isə Gill Rozenberqin Suriyaya kürd silahlı dəstələrinin tərkibində döyüşmək üçün gəldiyini bildirir. 31 yaşlı qadın "Facebook" səhifəsində Suriya ərazisinə keçməzdən əvvəl Türkiyədə çəkilən şəkillərini, o cümlədən Suriyada çəkilmiş əli silahlı fotolarını paylaşıb. Onun Kobani yaxınlığında girov götürüldüyü ehtimal olunur.