Türkiyə Superliqasında qalmaqallı oyun: "Fənərbağça" 1 xalı necə qazandı?

Türkiyənin futbol üzrə Superliqasında 11-ci tur çərçivəsində keçirilən "Fənərbağça" - "Eskişehirspor" qarşılaşması ciddi müzakirələrə səbəb olub. Daha doğrusu, hakimin verdiyi qərarlar oyundan sonra futbol şərhçiləri və azarkeşlər tərəfindən kəskin tənqid olunur.

 

APA TV-nin xəbərin görə, İstanbulda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə bitib.

 

İlk mübahisəli vəziyyət oyunun 11-ci dəqiqəsində qeydə alınıb. "Eskişehirspor"un hücumçusu Funes Mori topa doğru hərəkətlənərkən "Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl də mövqeyini tərk edir. Qapıçı cərimə meydançasının önunda topu əli ilə uzaqlaşdırır. "Eskişehirspor"un futbolçularının etirazlarına baxmayaraq, hakim Tolqa Özkalfa oyunu davam etdirir.

 

24-cü dəqiqədə isə "Fənərbağça"nın oyunçusu Əmrə Belözoğlu rəqib futbolçu Erkan Zənginlə mübarizədə qaydanı pozur. Hakimin bu vəziyyətdə də oyunu davam etdirməsi ciddi etirazlara səbəb olub.

 

Qeyd edək ki, Əmrə Belözoğlu oyunun 85-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı kartla meydandan qovulub. Hakim futbolçunun onları təhqir etdiyini, Əmrə Belözoğlu isə yalnız "Allah bəlanı verməsin" dediyini iddia edir.

 

Ən qalmaqallı qərar isə oyunun əsas vaxtına əlavə edilən 7 dəqiqəlik hissəsinə təsadüf edib. Oyunun əsas vaxtı "Eskişehirspor"un 1:2 hesablı üstümlüyü ilə bitmişdi. 93-cü dəqiqədə "Fənərbağça"nın futbolçusu Həsən Əli topa zərbə vurub və top cərimə meydançasında "Eskişehirspor"un müdafiəçisi Berkaya dəyib. Hakim əvvəlcə oyunu davam etdirib, bir neçə saniyə sonra isə futbolçunun topa əli ilə toxunduğu iddiası ilə penalti təyin edib. "Fənərbağça" penalti ilə hesabı bərabərləşdirib və komandaların hər biri 1 xal qazanıb.

 

"Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam oyundan sonra keçirdiyi mətbuat konfransında bəyan edib ki, hakim penalti qərarını təzyiq altında qəbul edib.

 

Qeyd edək ki, mövsümün 11 turu ərzində "Fənərbağça"nın lehinə 5 penalti qərarı verilib və onlardan 4-ü qolla nəticələnib.

Müəllif | Apa.Tv
Apa.tv