Moldovada parlament seçkilərinin qalibi sosialistlər oldu
Noyabrın 30-da Moldovada keçirilən parlament seçkiləri zamanı Gömrük İttifaqı tərəfdarları olan sosialistlər ən yüksək səs toplayıb. APA TV xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq səslərin 87,6 faizi hesablanıb. Sosialistlər Partiyası 21,64 faiz səslə birinci yerdədir. Ardınca 19,24 faiz səslə Liberal Demokratlar Partiyası gəlir. Kommunistlər Partiyası 17,88 faiz, Demokratlar Partiyası 15,78 faiz, Liberallar partiyası isə 9,42 faiz səs toplayıb. Belə olan halda Rusiya meylli partiyalar 40 faiz, Avropaya inteqrasiyanı dəstəkləyən partiyalar isə 44 faiz səs toplayıb. Yaxın günlərdə yeni koalisiyanın yaranması ilə bağlı danışıqlar gözlənilir.