Göyçayda 8 mənzili qarət edən qonşular yaxalanıb
Göyçay rayonunda evlərdən oğurluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, bu ilin noyabrında Göyçay şəhərinin müxtəlif yerlərində 8 mənzilə gizli yolla daxil olaraq oradan küllü miqdarda qızıl-zinət əşyalarını, qiymətli cihazlar və pul oğurlayan iki nəfər gənc polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, şəhərin Rəsul Rza küçəsindəki 50 saylı mənzildə yaşayan 20 yaşlı Əliağa Qurbanov və qonşusu, 22 yaşlı İlyas Səfərovla əlbir olaraq müxtəlif vaxtlarda mənzillərdən qızıl qolbağı və boyunbağı, iki cüt qızıl sırğa, 4 ədəd qızıl üzük, 770 manat pul, 16 min Rusiya rublı, pensiya kartları, bir fotoaparat və bir mobil telefon oğurlayıblar. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Göyçay RPŞ istintaq bölməsinin rəisi Zaur Nəsirov deyib ki, Əliağa Qurbanov qonşusu İlyas Səfərovla əlbir olaraq 15 oktyabr-13 noyabr tarixlərində müxtəlif vaxtlarda Elsevər Əsədov, Vüsalə Məmmədova, Samir Osmanov, Nailə Ələkbərova, Şahin Hüseynov və digərlərinin evlərinə qanunsuz daxil olaraq həmin evlərdən qızıl-zinət və digər əşyalar oğurlayıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.