Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı
"Azərbaycanda 550 min nəfərdən çox vergi ödəyicisi var. İntizamlı vergi ödəyicilərinin sayı çoxdur, amma bu sahədə problemlər də mövcuddur". APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə vergilər nazirinin müşaviri Akif Musayev deyib: "Vergi öhdəliklərini vaxtlı-vaxtında təhvil verən, eyni zamanda hesabatları müntəzəm hazırlayanlarla bərabər müəyyən qədər öz vergi öhdəliklərini ödəməyən və yanınanların da sayı az deyil. Vergi orqanlarının da vəzifəsi bu yayınanlarla bilavasitə mübarizə aparmaqdır. Vergi proqnozlarının yerinə yetirilməsində heç bir çətinlik yoxdur".
Bu gün Bakıda Amerika Ticarət Palatası (Amcham) və Vergilər Nazirliyinin təşkilatçılığı ilə IV illik Vergi konfransı keçirilib.“Amcham-Azərbaycan”ın prezidenti İlqar Vəliyev, vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığının genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyi vurğulayıb. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda elektron hökumətin yaradılması iqtisadi sistemin qurulmasına xidmət edir.
Nazirlər Kabineti Aparatının İqtidadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov isə son illər ölkədə vergi siyasətinin elektronlaşdırılması, elektron hesab-faktura və mobil imzanın tətbiqi vergi sistemində atılmış ciddi addımlara diqqət çəkib.