Azərbaycanda 82 uşaq QİÇS-ə yoluxub - RƏSMİ STATİSTİKA

"Heç kəs fikirləşməməlidir ki, bu, xəstəlik yalnız narkomanların və seksbizneslə məşğul olanların problemidir. Elə deyil, heç kəs bu xəstəlikdən sığortalanmayıb".

 

APA TV-nin xəbərinə görə, bunu Respublika QİÇS-lə (Qazanılmış İmmunitet Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova 1 dekabr - QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbirdə deyib.

 

Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü ilin dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Ölkədə İİV-ə yoluxanların 76,1 faizi kişi, 23,9 faizi qadındır: "QİÇS mərhələsində olan insanların sayı 1508 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir".

 

Azərbaycanda İİV virusuna yoluxan uşaqların sayı 82 nəfərdir. Onlar virusa ana bətnində yoluxublar.

 

Esmira Alməmmədovanın sözlərinə görə, hamilə qadınlar vaxtında müayinə olunsa, İİV virusunun anadan uşağa keçmə ehtimalı 25-40 faizdən 1 faizə enər.

 

Mərkəz direktoru bildirir ki, İİV-ə yoluxanlar arasında narkotik istifadəçilərinin sayı üstünlük təşkil edir. 4694 nəfər Azərbaycan vətəndaşından 54,9 faizi İİV-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub. 34,9 faiz heteroseksual, 1,3 faiz homoseksual kontakt nəticəsində, 1,7 faiz anadan uşağa keçməklə, 1 nəfərdə isə donor qanının köçürülməsi zamanı İİV virusuna yoluxma qeydə alınıb.
Mərkəz direktoru əlavə edib ki, bu ilin 11 ayında ölkədə 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb.

 

Əvvəlki illərlə müqayisədə QİÇS xəstəliyinə yanaşmalar dəyişib. Artıq QİÇS xroniki xəstəlik hesab olunur və ağır xəstəlik olsa da, antiretrovirus-terapiya adlanan müalicəsi var. Esmira Alməmmədova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar bu terapiyanı əsas müalicə vasitəsi, ən qüvvətli və effektli tədbir hesab edilir. Buna baxmayaraq Azərbaycan da daxil olmaqla bəzi regionlarda virusa yoluxma halları artır: "Başqa ölkələrdə İİV-lə bağlı yeni yoluxma və ölüm halları azalıbsa, Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində belə hallar 2006-cı ilə nisbətən 13% artıb. Dünya miqyasında İİV virusuna yoluxan insanların 1/3 hissəsi və ya 50 faizinin özlərinin bu xəstəliklərə yoluxmaları barədə məlumatı yoxdur".

 

2013-cü ilin sonuna dünyada İVV/QİÇS-ə yoluxanların ümumi sayı 35 milyon nəfər olub. Ötən il virusa yoluxanların sayı 2 milyon, QİÇS-dən dünyasını dəyişənlərin sayı isə 1,5 milyon olub. 2012-ci ilə müqayisədə yoluxma hallarında azalma olub.

 

Yadda saxlanılmalı olan əsas bilgi odur ki, insanlar İİV-ə 3 yolla yoluxur: cinsi yolla, qanla və anadan ötürülmə yolu ilə. Bunları bilməklə virusa yoluxanlarla daha yaxşı davranmaq olar. Bu isə onların müayinəsinə müsbət təsir edər.

 

İİV-ə qarşı mübarizənin prinsiplərinə gəlincə, prinsip belədir: müayinədən keçmək, öz İİV statusunu bilmək, aşkar olunubsa, mümkün qədər tez antiretrovirus-terapiyanı tətbiq etmək, müalicəni effektiv aparmaq və beləliklə normal həyat sürmək.

 

 

Qeyd edək ki, 1988-ci ildən başlayaraq 1 dekabr - BMT tərəfindən QİÇS-lə Mübarizə günü kimi təsis olunub. Bu tarix dünya ictimaiyyətinin diqqətini problemə yönəltməkdir. Bu məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən mətbuat konfransının sonunda jurnalistlər də İİV müayinəsindən keçiblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı