Bakıda 4 nəfər baxışlarını bəyənmədiyi 17 yaşlı oğlanı bıçaqladı
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Bakı şəhər sakini, 17 yaşlı Cəlil Mahmudovun Nərimanov parkı ərazisində tanımadığı şəxslərlə baxışları toqquşub. İşin istintaqını aparan müstəntiq Elnur Məmmədyarovun verdiyi məlumata görə, 4 nəfər olan naməlum şəxslər Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli 4 ünvanına çatanda naməlum şəxslərdən biri cibindən bıçaq çıxararaq, qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. Cəlil Mahmudovu ətrafdakılar 1 saylı şəhər kliniki xəstəxanasına çatdırıblar.
Boksla məşqul olan Cəlil Mahmudov müstəntiqə onu bıçaqlayan şəxsləri tanımadığını bildirib. Vurulan zərbələr daxilə nüfüz etdiyindən faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov RPİ hadisəni törətməkdə şühbəli bilinən 4 nəfərin axtarışlarını davam etdirir.