Bakıda mənzilləri qarət edən qardaşlar tutuldu

Xəzər polisi rayon ərazisindəki mənzilləri qarət edən şəxsləri saxlayıb. Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Göyçay rayon sakinləri Sədi və Fərhad Cəfərov qardaşları Şüvəlan qəsəbəsi "Mayak" massivindəki yeni tikilmiş evlərə daxil olaraq oradan kombi və digər tikinti ləvazimatlarını oğurlayıblar.

 

Bakı sakini Hüseynov Füzuli Cahangir oğlunun polisə ərizə ilə müraciət etməsindən sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Tezliklə əvvəllər də oğurluq və quldurluq maddələri ilə məhkum olunan 1976-cı il təvəllüdlü Fərhad Əzizağa oğlu Cəfərov və 1983-cü il təvəllüdlü Sədi Əzizağa oğlu Cəfərov saxlanılıblar.

 

Aparılan ilkin dindirilmə zamanı qardaşlar törətdikləri cinayət əməlini etiraf ediblər. Eyni zamanda müəyyən olunub ki, bu, onların ilk cinayəti deyil. Cəfərov qardaşları təkcə Xəzər rayonu ərazisində 5 evi qarət ediblər.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv