Kobani uğrunda millətlərarası müharibə: kim qalib gələcək?
Suriyanın Kobani şəhəri uğrunda iki terrorçu qruplaşma mübarizə aparır. Maraqlısı budur ki, İŞİD terrorçuları ilə PKK-YPG terrorçuları və peşmərgələr arasında gedən döyüşlərdə dünyanın hər yerindən döyüşənlər var. "Milliyet"in xəbərinə görə, İŞİD mövqelərindən də, PKK-YPG mövqelərindən də ərəbcə, kürdcə, türkcə, ingiliscə, almanca danışıqlar eşidilir. Şəhərdə döyüşlər 78 gündür, davam edir. İŞİD-ə Qərb ölkələrindən, xüsusi ilə gənclər olmaqla Avropadan çoxlu sayda insan qatılıb. Son günlər YPG-yə qoşulanların da sayı artıb. Kürd terrorçularının tərəfində döyüşənlər arasında keçmiş İsrail, ABŞ, İngiltərə hərbçiləri də var. Ümumilikdə ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Yunanıstan, Kanada, Avstriya kimi ölkələrdən 50-dən artıq gənc YPG terror təşkilatına qoşularaq, döyüşlərdə iştirak edir.
İraq və Suriyada İŞİD-ə qoşulanların sayı isə 15 mini keçib. Nyu-Yorkda fəaliyyət göstərən kəşfiyyat xidməti “The Soufan Group”un araşdırmasına görə, İŞİD terror təşkilatında 81 ölkədən döyüşçülər var.