Avtomobiliniz qışa hazırdırmı?
"Qış deyəndə buz bağlamış yollar və bu yolların istər, sürücülərə istərsə də piyadalara gətirdiyi problemlər yada düşür. Necə deyərlər, piyadalar rahat çəkmə, sürücülər isə buza davamlı təkər axtarışına başlayırlar".
Sürücülərin bəziləri qışa tam hazır olduqlarını deyir. Bəziləri isə təkərləri dəyişdirməyə pulunun olmadığını söyləyirlər.
Texniki məsləhətçi Elçin Abbasov APA TV-nin əməkdaşı ilə söhbətində deyib ki, bizdə sürücülərin çox az hissəsi qışa hazırlaşır. Əsasən, problemlər ilk qar yağdıqdan sonra başlayır ki, sürücülər bundan sonra müraciət edirlər: "Əvvəlcə, avtomobilləri texniki baxışdan keçirmək lazımdır, nəzarət olunmalıdır. Texniki baxış deyəndə çox adam Dövlət Yol Polisinin nəzarətini anlayır. Mən onu hər bir avtomobil üçün aparılacaq mövsümü baxışdan danışıram. Mövsümü baxış aparılarkən avtomobilin bütün vəziyyətləri yoxlanmalıdır".
Bu mövsümdə təhlükəsizliyin təminatı sürücünün ətraf mühiti görməsindən başlayır. Bunu təmin etmək üçün şüşə yuyucu və siləcəklərini güzgü və şüşə qızdırıcılarının işini və salonun isitmə sistemini yoxlamaq lazımdır. Yay mövsümündə şüşə siləcəkləri quruyaraq sıradan çıxır. Soyuq dövrlərdə xüsusi donmayan şüşə yuyan mayelərdən istifadə etmək məsləhət görülür. Bu mayelərin qablarının üzərində donma temperaturu yazılır. Mühərrikin soyuducu mayesinin səviyyəsinə və keyfiyyətinə diqqət yetirmək lazımdır. Bu mayenin istifadə müddəti növündən asılı olaraq, iki ildən 5 ilə kimidir. Zamanla öz keyfiyyətini itirir vaxtı çatdıqda onu dəyişmək lazımdır. Soyuq havada istehsalçının icazə verdiyi ən duru mühərrik yağından istifadə etmək tövsiyə edilir. Mühərrikin soyuq havada rahat işə düşməsi həm də akkumlyator start sisteminin işindən asılıdır.
Qarlı və buzlu havalarda şinlərin vəziyyətinin çox böyük önəmi var. Yol hərəkəti qaydalarına görə təkərin praktektırının qalınlığı 1.6 milli metrdən çox olmalıdır.
Baş Dövlət Yol Polis İdarəsi də qış mövsümü ilə bağlı sürücülərə xəbərdarlıq edib. İdarənin şöbə rəisi Kamran Əliyev deyib ki, qışa hazırlıqla bağlı intizamlı sürücülərə heç bir xəbərdarlığa ehtiyac yoxdur. Hər bir sürücü bilməlidir ki, nəqliyyat vasitəsini qış mövsümünə hazır etməldir: "Nəqliyyat vasitələrinin istismar qaydalarının pozulmasına görə hər bir sürücü inzibati məsuliyyət daşıyır. Şüşə siliciləri, şüşəyuyanlar nasaz olduğu təqdirdə və digər ünsürləri nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin istismarına görə 50 manat miqdarında cərimə nəzərdə tutulub".
Bütün havalarda yolunuz açıq olsun...