Qərib Məmmədov Göyçayda vətəndaşları qəbul edib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dekabrın 2-də Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qərib Məmmədov Göyçay rayonu ilə yanaşı, Ağdaş, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini də qəbul edib, onların şikayət və təkliflərini dinləyib. Qəbul zamanı vətəndaşların bəziləri Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qusurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan və məhkəmə predmeti olan torpaq-sərhəd mübahisələri, kənd, qəsəbə keçmiş XDS İK-nin və ya sonradan ərazi nümayəndəliyinin qərarları ilə həyətyanı, fərdi yaşayış evi və digər məqsədlərlə ayrılan torpaq sahələrinə dair plan və ölçü sənədlərinin verilməsi barədə müraciətlər ediblər.
Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 50-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Qaldırılan məsələlər qeydiyyata alınıb.