Nazir: "Lavaş ermənilərin eksklüziv çörəyi deyil”

“Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. Lavaş bütün regiona məxsusdur”.

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: "Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən, lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil”.

 

Nazir bildirib ki, UNESCO-nun kələğayı ilə bağlı qərarı Azərbaycanın böyük uğurudur: "Biz çövkəni, Novruz bayramını, muğamı, saz musiqisini özümüzünkü edə bildik. Biz bu qələbəyə imza atdıq. Bu, Azərbaycanın, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun uğurudur. Lavaş haqqında danışıldı və zərbə kəlağayıya dəydi. Çünki lavaşı o qədər pis yerə çəkib, yazıb-pozdular ki, kəlağayının qələbəsini yaşaya bilmədik. Amma biz bunu siyahıya sala bilmişik. Gələn il biz bilmirik ki, ermənilər UNESCO-nun müvafiq siyahısına nəyi salmağa cəhd edəcək. Bizim bundan 2-3 ay əvvəl xəbərimiz olur. Ermənilər gələn il ola bilər ki, dolmanı və ya hansısa bir rəqsimizi də o siyahıya salmağa cəhd etsin".

 

Əbülfəs Qarayev deyib ki, yaxın günlərdə kəlağayı ilə bağlı daha təmtəraqlı təqdimat keçiriləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı