Artıq bankdan kredit almaq üçün işdən arayış almağa ehtiyac olmayacaq - YENİLİK

Bu gündən etibarən vətəndaşlar işə götürənə müraciət etmədən özləri arayış əldə edə biləcəklər. Amma bu, kağız formasında yox, elektron formada olacaq. Hər kəs asanlıqla öz hesabına daxil olmaqla bu arayışı tez bir zamanda əldə edə biləcək.

 

"E-xidmətin istifadəyə verilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır".

 

APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin istifadəsinə verilməsi ilə əlaqədar təqdimat keçirilib. Nazir müavini İdris İsayev deyib ki, bu gün elektron xidmətlər arasında ən çox istifadə olunan sosial sahəyə aid xidmətlərdir: "Bu ilin iyulun 1-dən indiyədək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən 1 milyon 600 minə yaxın işəgötürən istifadə edib. Bu göstəricinin 84,2 faizi əmək müqaviləsinin bağlanması, 9,8 faizi əmək müqaviləsinə dəyişiklik, 6 faizi isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub".

 

Nazir müavini qeyd edib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər: "Ən önəmlisi odur ki, burada əmək haqqı, müqavilə və digər məlumatlarla yanaşı ştrix kod yerləşdirilib. Bu, ondan ibarətdir ki, hər hansısa bir təşkilata təqdim edilirsə, həmin ştrix-kodu daxil edir və arayışın düzgünlüyünü yoxlayır. Bilirsiniz ki, çoxlu sayda saxta, real göstəriciləri əks etdirməyən arayış təqdim olunur, bu da sonda müəyyən problemlər yaradır".

 

Nazirliyin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin texniki imkanları barədə məlumat verib: "Elektron arayışda növündən asılı olaraq, işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır".

 

Əmək müqaviləsi bildirişlərini elektronlaşdırmayan qurumların əməkşdaları bu xidmətdən istifadə edə bilməyəcək. Həmçinin onları ağır cəza da gözləyir. Nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, hazırda elektron informasiya sistemində əmək müqavilələri bildirişlərini qeydiyyata alan qurumlar 90 faizdir: "Yerdə qalan 10 faizi isə ilin sonuna qədər başa çatdıracağıq. Biz təhlillər aparmışıq, bilirik, hansı qurumlardır. Onlara ya tövsiyyə, ya da qanunun tələb etdiyi qaydada göstəriş olunacaq. Çox təəssüf ki, onlar arasında dövlət qurumları da var".

 

Bildirilib ki, nazirlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində işlər davam etdirilir.

 

Müəllif | Apa.Tv