Şəkidə faciə: ər-arvad dəm qazından zəhərlənib

Şəkidə ər-arvad dəm qazından zəhərlənib. Nəticədə ər dünyasını dəyişib, onun yoldaşı isə xəstəxanaya yerləşdirilib. APA TV-nin xəbərinə görə, hadisə ötən gün axşam saatlarında şəhərin Ə. Haqverdiyev küçəsi 6 ünvanında qeydə alınıb. 62 yaşlı Aydın Yusifov və onun həyat yoldaşı 56 yaşlı Pambıq Bağıyeva yaşadıqları evin hamam otağında huşsuz vəziyyətdə aşkar olunublar. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Briqadasının həkimləri apardıqları müayinələr zamanı Aydın Yusifovun dəm qazından zəhərlənərək öldüyü məlum olub. Pambıq Bağıyeva isə ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Vəziyyəti yaxşı olmayan Pambıq Bağıyeva həyat yoldaşının yas mərasimində iştirak etmək üçün bu gün səhər saatlarında evə buraxılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov