Salyanda "Mercedes" "KamAZ"la toqquşdu: 4 yaralı

Salyan rayonunda baş verən qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin məlumatına görə, hadisə Ələt-Astara magistralının 55-ci kilometrliyində Salyan rayonunun ərazisində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb. Lənkəran sakini, 33 yaşlı Fuad Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn Cəlilabad sakini Saleh Fərəcovun idarə etdiyi "KamAZ" markalı maşınla  toqquşaraq qarşıdakı digər yük maşınına çırpılıb. Nəticədə "Mercedes" markalı avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Hadisə zamanı "Mercedes"in sürücüsü və avtomobildə olan Lənkəran şəhər sakini Emin Məmmədov, Şəmkir sakini 30 yaşlı Fərid Rzayev və Biləsuvar sakini 39 yaşlı Elşən Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar maşında sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri hadisə yerinə gəlib və xüsusi alətlər vasitəsi ilə onları  çıxarıblar. Xəsarət alanlar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elşən Əliyev ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb, digərləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

    

Müəllif | Apa.Tv
Apa.tv