Azərbaycan prezidenti: "Biz nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk"
Azərbaycan prezidenti İlham Əliyev "Bakutel 2014" sərgisində Avropanın "Euronews" telekanalına müsahibə verib. APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir: "Kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir və bu proses gələcəkdə də davam edəcək. Bu texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahəsində və həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə imkan verəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda bu Fransa ilə Azərbaycan arasında iki tərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir. Çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda "AzərKosmos" və "ERBS" arasında yaxşı əməkdaşlıq mövcuddur".
Sərginin böyük tarixi olduğunu deyən prezident İlham Əliyev bildirib ki, artıq 20 ildir, bu tədbir keçirilir. Bu onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir: "Biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən "Bakutel" şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda bu bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir".
Dövlət başçısı qarşıda duran əsas məsələlərdən birinin təhsil olduğunu deyərək vurğulayıb ki, minlərlə azərbaycanlı gənc burada hazırlanır. Müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyində olduqca müsbət təsir göstərir.