Bakıda 2-ci dəfə eyni körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib

"Koroğlu" metrosunun yaxınlığındakı asma körpü yenidən intihara cəhdin ünvanı olub. APA TV-nin məlumatına görə, axşam saatlarında körpünün üstünə çıxan 34 yaşlı kişi özünü atacağını bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb edilib.

 

İlkin araşdırmadan sonra məlum olub ki, intiharla hədələyən şəxs 1980-ci il təvəllüdlü Zamiq İbrahimovdur. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan İbrahimov hazırda Bakıda yaşayır. Araşdırmalar daha bir faktı üzə çıxarıb. Zamiq İbrahimov 20 gün əvvəl - noyabrın 13-ünə keçən gecə də eyni körpüyə çıxaraq, intihar edəcəyini bildirib. O vaxt Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu xilas ediblər.

 

Zamiq İbrahimovun qardaşı Ramil İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Məlumata görə, Zamiq qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

 

Xilasedicilər bu dəfə də 34 yaşlı şəxsi xilas etmək üçün əməliyyata başlayıblar. Xüsusi kranla iki xilasedici Zamiq İbrahimova yaxınlaşıb və onu fikrindən daşındırmaq üçün söhbət aparıb. Lakin o, xilasedicilərə aqressiv reaksiya verib. Zamiq İbrahimovun hündürlükdə təhlükəli hərəkətlər etdiyini, yerini tez-tez dəyişdiyini görən xilasedicilər geri dönməli olublar.

 

Təxminən 10-15 dəqiqə ərzində Zamiq İbrahimov əynindəki gödəkçəni və köynəyi çıxararaq, yerə adıb. Sonra o, kiminləsə telefonla danışmağa başlayıb. Bundan sonra xilasetmə qrupu növbəti dəfə kranla ona yaxınlaşıb və bu dəfəki psixoloji söhbət fayda verib:

 

Zamiq İbrahimov xilas edildikdən sonra Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

 

Qeyd edək ki, xilasetmə əməliyyatı başa çatanadək təxminən 1 saat ərzində Heydər Əliyev və Ziya Büynyadov prospektlərində böyük tıxac yaranmışdı. Yol polisi əməkdaşları nəqliyyatın hərəkətini nizamlamağa çalışsalar da, sürücülərin maşınlarını saxlayıb hadisələri izləməsi vəziyyəti daha da çətinləşdirirdi.

Müəllif | Apa.Tv
Apa.tv