Maneəyə çırpılan maşının sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar

Bakı-Quba yolunun 11-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıtdan Bakı istiqamətində yüksək sürətlə hərəkətdə olan "Moskviç" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dəmir sədlə daş hasarın arasına girib. APA TV-nin xəbərinə görə, avtomobil yarasız hala düşüb.

 

Maşında olan dörd nəfərdən heç biri xəsarət almayıb. Sürücü və sərnişinlər dərhal hadisə yerini tərk ediblər. Polisdən verilən məlumata görə, sürücü hadisə yerini tərk edərkən avtomobilin qeydiyyat nişanını da özü ilə aparıb.

 

Hadisə şahidləri polisə verdikləri ifadələrində bildiriblər ki, "Moskviç"i idarə edən şəxs Sumqayıtdan gələrkən yolda bir neçə dəfə qəza şəraiti yaradıb. Sürücünün sərxoş olduğu ehtimal edilir. İlkin məlumata görə, avtomobildə iki kişi və iki qadın olub.

 

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv