60-dan çox ölkə İŞİD-ə qarşı toplanır

"İraq Şam İslam Dövləti" terror təşkilatına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın nazirlər səviyyəsində ilk toplantısı bu gün Brüsseldə keçiriləcək. APA TV-nin məlumatına görə, koalisiya üzrə 60-dan çox tərəfdaş ölkənin iştirak edəcəyi toplantıda İŞİD-ə qarşı əməliyyatın nəticələri və gələcək koordinasiya məsələləri müzakirə olunacaq.

 

ABŞ Dövlət Departamenti toplantı ərəfəsində bəyan edib ki, görüş iştirakçıları İŞİD-i zəiflətmək və ona qalib gəlmək üçün birgə səylərin siyasi mexanizmlərinə nəzər salacaqlar.

 

ABŞ prezidentinin koalisiyadakı xüsusi nümayəndəsi Con Allen isə bildirib ki, ilk siyasi məsləhətləşmələrin mövzusu İŞİD-lə mübarizə strategiyasının və siyasi sahədə gələcək addımların müzakirəsi olacaq.

 

Toplantı NATO-nin mənzil-qərargahında keçiriləcək. NATO-nin baş katibni bildirib ki, alyans görüşün təşkilində iştirak etməyib və bu işi ABŞ öz üzərinə götürüb. Amma NATO-nun baş katibi görüşdə çıxış edəcək. Qeyd edək ki, NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir.

 

Xatırladaq ki, ABŞ bəzi müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirir. Avqustdan analoji əməliyyat İraqda da aparılır.

Müəllif | Apa.Tv
Apa.tv