"Lufthansa" pilotlarının tətili 150 min sərnişin üçün problem yaradıb

Almanyanın ən böyük hava yolları şirkəti "Lufthansa"nın pilotlarının iki günlük tətili 150 min sərnişin üçün problem yaradıb. Şirkət tətildən əvvəl 56 min sərnişinə qısa mesaj xidməti (SMS), 30 mun nəfərə isə elektron poçtla xəbərdarlıq edib. Bu səbəbdən Frankfurt hava limanında növbələr yaranmayıb, şirkətin məlumat və dəstək masaları isə sərnişinlərə yardım etməyə çalışıb. Reysləri təxirə salınan sərnişinlərə yemək və isti içkilər paylanılıb.

 

İlkin məlumata görə, tətil "Lufthansa"ya 150 milyon avroya başa gələcək. Ötən ay isə şirkət aprel ayından başlayan tətillər üzündən 170 milyon avro ziyana düşdüyünü açıqlamışdı.

 

Qeyd edək ki, həmkarlar təşkilatı ilə "Lufthansa" arasında danışıqlar bir neçə aydır, davam etsə də, tərəflər 5400 pilotun pensiyaya çıxma vaxtı ilə bağlı razılığa gələ bilmirlər. "Lufthansa" şirkəti ən erkən pensiya yaşını 55-dən 60-a, vəzifədən ayrılma yaşını isə 58-dən 61-ə çatdırmaq istəyir. Buna etiraz edən həmkarlar təşkilatı apreldən bəri 9 dəfə tətil təşkil edib. Tətillər nəticəsində "Lufthansa" və ona bağlı şirkətlərin 6000-ə yaxın təyyarə reysi ləğv olunub.

Müəllif | Apa.Tv
Apa.tv