Borcunu istəyən dostunu öldürdü: "Pulu istəməməliydi, düz elədim"

Kürdəmir rayonunda qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir şəhərinin Soltan Şıxalıyev küçəsində, mərkəzi bazarın yaxınlığında baş verib. Rayonun Atakişili kənd sakini İlkin Həsənov şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı Kürdəmir şəhər sakini Elçin Əhmədova bıçaqla xəsarət yetirib. Qarın boşluğunun daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Elçin Əhmədov orada ölüb.

 

Hadisəni törədən İlkin Həsənov könüllü olaraq Kürdəmir rayon Polis Şöbəsinə təslim olub. O bildirib ki, hadisə pul borcu üstündə aralarındakı mübahisə üzündən baş verib. Məlumata görə, İlkin Həsənovun öldürdüyü dostu Elçin Əhmədova pul borcu olub. Elçin dəfələrlə dostundan pulunu geri istəməsinə baxmayaraq, İlkin onun pulunu qaytarmayıb və üstəlik onu qətlə yetirib. İlkin dostunu onu söyüşlə təhqir etdiyi üçün öldürdüyünü və buna görə peşiman olmadığını bildirib: "Ona borcum var idi, mənə yaxşılıq eləmişdi və bunu axıradək eləməli idi, pulu geri istəməli deyildi. Söyüşlə məni təhqir etdi, bıçaqla vurdum, yaxşı eləmişəm, peşman deyiləm”.

 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov