Azərbaycan prezidenti: “İŞİD Yaxın Şərqdə həyata keçirilən siyasətin nəticəsidir”

“Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində İŞİD-lə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, öncə vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır: “Axı, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır”.

 

Azərbaycan prezidenti bildirib ki, radikalizmə qarşı başlıca qarant təhsildir. Ölkədə radikalizm mənbələrinin olmadığını deyən prezident İ. Əliyev  sərhədlərin etibarlı qorunduğunu vurğulayıb.

 

“Deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, bizim sərhədlərdən elə də uzaq deyil. Biz,  müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz”, - deyə o vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv