Pərviz Musayev: "10 ayda 4000 əcnəbi inzibati qaydada ölkədən çıxarılıb"
"Son 10 ayda Azərbaycanda qanunsuz yaşayan 4000-dən artıq əcnəbi inzibati qaydada ölkədən çıxarılıb".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev “Cənubi Qafqazda Səmərəli Readmissiya İdarəçiliyinin Yaradılmasının Dəstəklənməsi” layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə beynəlxalq seminarın açılış mərasimində deyib: "3000-nə yaxın əcnəbinin ölkə ərazisində yaşaması leqallaşdırılıb, 22000-dən artıq əcnəbinin könüllü olaraq öz ölkələrinə qaytarılması təmin olunub. DMX-nin 2 saxlama mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərdə readmissiya olunacaq şəxslərin yerləşdirilməsi üçün tam şərait var. Biz artıq Avropa İttifaqına göndəriləcək şəxslərin qəbul edilməsinə demək olar ki, hazırıq. Saxlama mərkəzlərində readmissiya olunacaq şəxslərin saxlanılması ilə bağlı məsələlər qanunvericilikdə əksini tapıb”.
Rəis müavini qeyd edib ki, DMX “Cənubi Qafqazda səmərəli readmisiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsininin həyata keçirilməsində tərəfdaş kimi iştirak edir. Onun sözlərinə görə, artıq readmissiya məsələlərinin həyata keçirilməsi ilə bağlı artıq Avropa ölkələrinin dövlət miqrasiya xidmətlərindən Azərbaycan hökümətinə müvafiq sorğular daxil olmağa başlayıb.