Qondarma “DQR”in minalardan istifadə etməsi faktı beynəlxalq hesabata salınıb
Son bir il ərzində dünya dövlətlərindən Suriya, Myanma və bir separatçı qurum – qondarma “Dağlıq Qarabağ Respublikası” minalardan istifadə edib. APA TV-nin məlumatına görə, bu barədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya təşkilatının Landmine Monitor Report 2014 hesabatında bildirilir. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov qeyd edib ki, hesabatda separatçılarının hərbi rəhbərliyi minalardan istifadə etdiyi xüsusi vurğulanıb: “Son hesabatda bildirilir ki, bu dövr ərzində yalnız iki dövlət (Suriya, Myanma) və bir separatçı qurum (Dağlıq Qarabağ) tərəfindən minaların istifadə olunması faktı qeydə alınıb. Bundan başqa xüsusi olaraq vurğulanır ki, Dağlıq Qarabağ separatçılarının hərbi rəhbərliyi minalardan istifadə edib. Burada onu vurğulamaq istəyirəm ki, bu məsələnin hesabat salınması Azərbaycan mətbuatının və QHT-lərin birgə fəaliyyətinin nəticəsidir. Xüsusi olaraq APA informasiya agentliyinin, Rəşad Süleymanovun və bizim ictimai birliyin. APA-nın məlumatı bir neçə mənbədən yoxlanıldı və keçən il Ottava Konvensiyasına üzv dövlətlərin yekun sənədinə daxil etdik. Bu il isə faktlar hesabat salınıb”.
Hesabat 1 Sentyabr 2013 – 30 Oktyabr 2014 tarixlərində dünyada minaların və partlamamış hərbi sursatlarla əlaqədar görülmüş işləri əks etdirir. Hal-hazırda 162 ölkə Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Ümumiyyətlə isə Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 35 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi açıqlamasında bildirilir ki, Azərbaycan Respublikası bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir. Bunun üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hər il artırılır.
Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir.