Azərbaycanda əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradıla bilər
"Nəqliyyatda çətinliyimiz olur, bir də iş tapmaq problem yaradır. Bizim kimilərə iş tapmaq çox çətindir".
APA TV-nin xəbərinə görə, anadangəlmə fiziki qüsurlu olan Nərmin Quliyeva digər həmyaşıdları kimi işləmək arzusundadır. Ancaq onun fiziki qüsurlu olması bu istəklərinin üzərindən xətt çəkir. Ölkə qanunları əlil gənclərin ali təhsil almasını əngəlləməsə də, onların iş tapması müşkülə çevrilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluğu ilə bağlı hazırda iki istiqamətdə işlər görür. Nazir Səlim Müslümov jurnalistlərə bildirib ki, qanunvericiliklə müəssisələrdə işçilərin müəyyən hissəsinin sağlamlıq imkanları məhdud şəxslərin olması tələb olunur: "Artıq bu sahədə nəzarətin artırılması barədə Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş vermişik. Yaxın vaxtlarda bunun nəticələrini ictimaiyyət görəcək. Bütün bunlarla yanaşı, biz bu kvotanın artırılmasına nail olmaq istəyirik. Əmək qanunvericiliyi və “Məşğulluq haqqında” Qanuna dəyişiklərin edilməsi istiqamətində işlər aparırıq. Bundan başqa, hazırda qüvvədə olan qanunvericiliyin tələblərini pozan işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılmasını təklif edəcəyik”.
Kvotanın artırılması ilə yanaşı, S. Müslümov əlillər üçün xüsusi müəssisələrin yaradılmasını da təklif edir: "Bazar iqtisadiyyatında bu cür iş yerlərində istehsal olunan məhsulların bazarda satılma imkanları məhdud olur".
Nazir bildirib ki, yeni tikilən binalarda, nəqliyyatda əlillərin də sərbəst hərəkət edə bilmələri üçün müvafiq qurumlara tapşırıqlar verilib: "Biz "ASAN xidmət"lə birlikdə görmə qabiliyyətində problem olan insanlar üçün xüsusi məsaməcikli materialların istehsal olunaraq yollarda, keçidlərdə, hava limanında, avtobus dayanacaqlarında quraşdırılmasını nəzərdə tutmuşuq".
Səlim Müslümov bildirib ki, bununla bağlı Azərbaycanda xüsusi sexin yaradılması üçün hökumətə artıq müraciət olunub.