Adı qalmaqalda hallanan internat məktəbinə jurnalistlərin səfəri təşkil olunub
Təhsil Nazirliyi qalmaqalda adı hallanan internat məktəblərinə jurnalistlərin səfərini təşkil edib. Dekabrın 3-də nazirliyin təşəbbüsü ilə mədəniyyət xadimlərinin, uşaq qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 11 saylı inteqrasiya təlimli və 8 nömrəli sanatoriya tipli internat məktəblərinə səfəri təşkil olunub.
APA TV-nin xəbərinə görə, səfər 8 nömrəli sanatoriya tipli internat məktəbindən başlayıb.
Tədris müəssisəsinin direktoru Nizaməddin Məmmədov deyib ki, internat məktəbində 291 uşaq təhsil alır. Onlardan 100-nün evlərində gecələdiyini deyən direktor vurğulayıb ki, qalan 191 şagird həm burada təhsil alır, həm də yaşayır.
Onlardan 198-i oğlan, 93-ü isə qızdır. 15 sinifdə təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 58 müəllim məşğul olur. Şagirdlərin 30-40%-i dərslərini yaxşı oxuyur.
O bildirib ki, burada olan uşaqların bronxlarında, tənəffüs sistemlərində müəyyən problemləri var və vərəmə meyllidirlər. Onların xəstəlikləri təhsillərinə müəyyən təsir göstərir: "Burda yaşayan-oxuyan şagirdlər hər il iki dəfə həkim müayinəsindən keçirilir. Bir oktyabr ayında, ikinci də aprel ayında. Müalicəsin nəticəsindən asılı olaraq, hər bir şagirdə fərdi yanaşılır. Lazım olan tədbirlər görülür və çatışmazlıq aradan qaldırılır".
Burada uşaqlar həm təhsil alır, həm də müxtəlif peşələrə yiyələnir.
Daha sonra 11 saylı inteqrasiya təlimli internat məktəbində olan jurnalistlərə müəssisənin direktoru Gülnarə Abdullayeva bildirib ki, məktəbdə 1131 şagird təhsil alır, onlardan 208-inin xüsusi qayğıya ehtiyacı var və burada qalmır. Günərzi qayğı mərkəzində 3-6 yaş arasında 100 uşağın olduğunu deyən G.Abdullayeva qeyd edib ki, onlar 6 yaşdan sonra ümumtəhsil məktəbində təhsil alırlar.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov isə bildirib ki, internat məktəblərinə media turları davamlı təşkil ediləcək: "Həm uğurlar, həm də müəyyən problemlərlə bağlı olan məqamlara birgə baxacağıq. Bəzən cəmiyyətdə belə təəssürat yaranır ki internat məktəblərində oxuyan uşaqlar təcrid olunublar. Əslində belə deyil və cəmiyyətdəki bu fikirlər dəyişməlidir".
Onun sözlərinə görə, bu internat məktəbi 2005-ci ildə təmir olunub və bu vaxta kimi lazımı işlər görülüb. Yanvar ayından etibarən isə 11 saylı inteqrasiya təlimli internat məktəbində əsaslı təmir aparılacaq.