Liviyada ABŞ səfirini öldürən "əl-Qaidə" terrorçusu Türkiyədə yaxalanıb

Liviyada ABŞ səfirini öldürməkdə təqsirləndirilən "əl-Qaidə" terror təşkilatının həmin ölkədəki təşkilatının lideri Əl Bassət Əzzouz Türkiyədə yaxalanıb. APA TV-nin xəbərinə görə, Yalova şəhərində Amerika və Türkiyə xüsusi xidmət orqanlarının yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində tutulan terrorçunun ölkəyə saxta pasportla daxil olduğu müəyyənləşib.

 

Əzzouzun 2012-ci ildə ABŞ-ın Liviyadakı səfiri Kris Stevensi öldürdüyü bildirilir. Əzzouz "əl-Qaidənin" Afrikada təşkilatlanmasına nəzarət edənlərdən biri olub. Terrorçunun ələ keçirilməsi üçün əməliyyat iki həftə öncə hazırlanıb və reallaşdırılıb. 1994-cü ildən İngiltərədə yaşayan terrorçu 2006-cı ildə Liviyaya gedərək "əl-Qaidə"yə qoşulub, bundan sonra haqqında İngiltərə təhlükəsizlik təşkilatlarında axtarış elan olunub. O, bir müddət öncə Avad Abdalla Ahmida adlı şəxsin adına olan saxta pasportla İstanbuldan Türkiyə ərazisinə daxil olub. Yalovanın mərkəzində ev kirayələyərək yaşadığı öyrənildikdən sonra xüsusi qrup təşkil edilib, əməliyyat keçirilib. Yaxalanan Əzzouz noyabrın 24-də Türkiyədən deportasiya edilərək İordaniyaya göndərilib. Buradan isə hava limanından birbaşa ABŞ-a aparıldığı bildirilir. Onu ABŞ məhkəməsi mühakimə edəcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı