Komitə sədri: "I Avropa Oyunları ilə bağlı yeyinti məhsullarının sınaqlarını aparılacaq"

"Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı yeyinti məhsullarının sınaqlarını aparılacaq".

 

APA TV-nin xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, sınaqlar və analitik testlər xaricdə və ya ölkəmizə dəvət olunmuş xarici mütəxəssislər, təlim keçmiş personallar tərəfindən, milli və beynəlxalq (ISO) standartların tələblərinə uyğun olaraq aparılır və nəticələri Avropa ölkələri tanıyır: "Azərbaycanın Milli Olimpiya Komitəsi yeyinti məhsullarının sınaqlarının aparılması üçün Standarlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib".

 

Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-cı iclasında çıxış edən Komitə sədri Standartlaşdırma üzrə texniki komitələrin yaradılması istiqamətində də işlərin getdiyini bildirib. Ramiz Həsənov qeyd edib ki, hazırda tikinti sahəsi və tikinti materialları, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standartlaşdırılması üzrə texniki komitələr formalaşdırılır. Onun sözlərinə görə, komitədə qida məhsulları ilə bağlı beynəlxalq standartlar əsasında milli standartların hazırlanması prosesi aparılır.

 

Komitə sədri bildirib ki, gələn ildən Azərbaycan metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq.

 

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi Nikolay Soneç iclasın Bakıda keçirilməsinin Azərbaycanın əldə etdiyi iqtisadi güc və regionda söz sahibi olması ilə əlaqələndirib.

 

Müəllif | Apa.Tv