Baş Klinik Hospitalın Ürək-damar Mərkəzində dünyada unikal əməliyyat həyata keçirilib
Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlər dünyada ilk nadir əməliyyat keçiriblər. APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında Baş Klinik Hospitalın ürək-damar mərkəzinin rəisi Anar Əmrah deyib ki, kəskin miokard infarktı ilə noyabrın 15-də müraciət edən 51 yaşlı Şahin Qurbanovda təcili angioqrafiya nəticəsində ektazsik, yəni genişlənmiş tac damarın trombla tamam tutulması aşkarlanıb. Ənənəvi metodlarla balon müdaxiləsinə və trombolitik müalicəyə baxmayaraq, nəticə əldə olunmayıb. Xəstənin damarının genişliyi normadan 6 dəfə böyük olduğundan ənənəvi qaydada əməliyyatın keçirilməsi nəticə verməyib. Həkim deyib ki, böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə tromboliz bu xəstəyə uyğun olmadığına görə, əməliyyatın dünyada ilk dəfə tac arteriyasına tətbiqinə qərar verilib və uğurlu nəticə əldə olunub. Bu uğurlu nəticəyə isə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər nail olublar: "Sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır".
On iki saatdan sonra damarlara təkrar angioqrafiya ilə baxıldığı zaman tromb ilə tutulmuş damarların tamamilə açıldığını deyən həkim bildirib ki, klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edilib.
Şahin Qurbanov isə əməliyyatdan sonra özünü daha yaxşı hiss etdiyini deyib: "Səhər işə gedirdim. Sinəmdən ağrı qalxdı. Bu zaman nə olduğunu bilmədim. Sonra ağrılar kəskinləşdi. Qardaşıma xəbər elədim. Məni bura gətirdilər. Əməliyyata girdim və şükürlər olsun ki, saq salamat burdayam. Əməliyyatı özüm izlədim. Bədənimdə neçə prosesin getdiyini ekran vasitəsilə özüm görürdüm".
Anar Əmrah onu da bildirib ki, noyabrın 8-də Ürək Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. 73 yaşında ciddi aorta qapaq darlığı ilə ürəyin artım frakssiyası 25% olan xəstədə, bud arteriyasından girilərək anesteziya verilmədən, kateter ilə döş qəfəsi açılmadan, aort qapağın yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.
Qeyd edək ki, 14 aydır fəaliyyət göstərən mərkəzdə bu günə kimi 450-ə yaxın ürək və damar əməliyyatı icra olunub. Bunlardan 200 açıq ürək əməliyyatı, 100 qapalı ürək əməliyyatı və 150 damar əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat olunan xəstələrdən ən kiçiyi 11 aylıq, ən yaşlısı 81 yaşında olub.